AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 175

Bakı şəhəri, 31 iyul 2008-ci il


Azərbaycan Respublikasında damazlıqla  bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

 

"Damazlıq  heyvandarlıq haqqında" Azərbaycan Respublikasının 2007-ci il 18 dekabr tarixli 516-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin  2008-ci il 13 mart tarixli 734 nömrəli Fərmanının 1.4-cü, 1.5-ci və 1.6-cı bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan  Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:


1. "Damazlıq heyvanların dövlət reyestrinin və dövlət damazlıq kitabının tərtib edilməsi və aparılması Qaydaları", "Cins heyvanlar üçün hazırlanan pasportun (şəhadətnamənin) forması, tərtib edilməsi Qaydası və ona daxil edilən məlumatlar" və "Damazlıq ehtiyatlarının sertifikatlaşdırılması, sertifikatların növləri və verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).


2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri      A. Rasi-zadə



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il  31 iyul tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Damazlıq heyvanların dövlət reyestrinin və dövlət damazlıq kitabının tərtib edilməsi və aparılması

 

Q A Y D A L A R I

 

1. Ümumi müddəa


Bu Qaydalar «Damazlıq heyvandarlıq haqqında» Azərbaycan Respublikasının 2007-ci il 18 dekabr tarixli 516-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 734 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasında damazlıq heyvanların dövlət reyestrinin və dövlət damazlıq kitabının tərtib edilməsi və aparılması  qaydalarını müəyyən edir.


2. Damazlıq heyvanların dövlət reyestrinin aparılması

 

2.1.  Damazlıq heyvanların dövlət reyestri damazlıq heyvan cinslərinin və cinsdaxili qrupların heyvan növləri üzrə mərkəzləşdirilmiş damazlıq uçotu sistemidir.

2.2. Damazlıq heyvan növləri üzrə mövcud yerli cinslər və zooloji qruplar rayonlaşdırılır və dövlət damazlıq reyestrinə daxil edilir.

2.3. Damazlıq heyvanların və heyvan qruplarının identikləşdirilməsini həyata keçirmək, mənşəyini, təsərrüfat əhəmiyyətini və istifadə təyinatını müəyyən etmək üçün onların dövlət qeydiyyatı aparılır.

2.4. Damazlıq heyvanların dövlət reyestri Azərbaycan Respublikası ərazisində məhsuldarlığına və damazlıq keyfiyyətlərinin kompleks əlamətlərinə görə qiymətləndirilərək  yetişdirilən, dövlət damazlıq kitabında qeydiyyata alınmış və damazlıq pasportu (şəhadətnaməsi) verilmiş damazlıq heyvanların uçotunu təmin etmək məqsədi ilə aparılır.

2.5. Damazlıq heyvanların dövlət reyestri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir.

2.6. Damazlıq heyvanların dövlət reyestrinə heyvan növləri üzrə mövcud cinslərin və cinsdaxili qrupların, həmçinin seleksiya nailiyyəti hesab edilən damazlıq ehtiyatının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən edilən məlumatları (cinsin adı, reyestrə daxil edildiyi il, müəllif, ərizəçi, cinsin məhsuldarlıq istiqaməti) daxil edilir.

2.7. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi damazlıq heyvandarlıq subyektlərindən aldığı məlumatlara uyğun olaraq heyvanların hər bir növü və cinsi üzrə dövlət reyestrini  tərtib edir.

2.8. Damazlıq heyvanların dövlət reyestri üçün tələb olunan məlumatların damazlıq heyvandarlıq subyektləri tərəfindən Azərbaycan Respublikasının   Kənd Təsərrüfatı Nazirliyinə təqdim  edilməsi məcburidir.

2.9.  Dövlət reyestr kitabı kağız  və elektron variantda tərtib edilir.

2.10. Dövlət reyestri vərəqləri nömrələnmiş, qaytanla bəndlənmiş, qaytanın ucları üzərinə silikat yapışqanla kənd təsərrüfatı nazirinin müavininin imzası və Nazirliyin möhürü olan vərəq yapışdırmaqla və ya surqucla möhürlənməklə, təsdiq olunmuş jurnalda aparılır.

2.11. Dövlət reyestr kitabında yol verilmiş səhvlər yeni qeydlər etməklə aradan qaldırılır. Bu halda qüvvəsini itirməli olan qeydin üstündən xətt çəkilir və bu qaydalara uyğun yeni qeydlər edilir. Yeni qeyddə qüvvəsini itirmiş yazıya istinad edilməlidir.

2.12. Dövlət reyestr kitabının elektron variantı forma və məzmun etibarilə kağız daşıyıcılardan fərqlənmir. Dövlət reyestr  kitabının  elektron  variantı vahid proqram-texniki təlimat əsasında tərtib edilir.

2.13.  Dövlət reyestr kitabı tərtib edildikdə, aşağıdakılar təmin olunmalıdır:

2.13.1. reyestr nömrələrinin say ardıcıllığına əməl edilməsi;

2.13.2. reyestrə daxil edilən damazlıq heyvanların adının və digər məlumatların təqdim edilmiş sənədlər əsasında düzgün yazılması;

2.13.3. reyestrdə əks etdirilən məlumatların dəqiq verilməsi.

2.14. Dövlət reyestr kitabında qeydlər aydın və yığcam şəkildə yazılmalıdır.

2.15. Dövlət reyestr kitabı Azərbaycan dilində tərtib edilir. Xarici adlar Azərbaycan dilinin tələffüz qaydalarına uyğun şəkildə Azərbaycan əlifbası ilə yazılmalıdır.

2.16. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında ziddiyyət olduqda, qanunvericilikdə digər qayda nəzərdə tutulmayıbsa, kağız daşıyıcılardakı qeydlər üstün qüvvəyə malik olur.


3. Dövlət damazlıq kitabının tərtib edilməsi və aparılması


3.1. Azərbaycan Respublikasında damazlıq heyvanların dövlət qeydiyyatı damazlıq heyvanların dövlət damazlıq kitabına yazılması yolu  ilə həyata keçirilir.

3.2. Dövlət damazlıq kitabı damazlıq heyvanların mənşəyinin eksteryer, döllük və məhsuldarlıq keyfiyyətlərinin, digər seleksiya əhəmiyyətli əlamətlərinin heyvan cinsləri üzrə qeydiyyatı sənədidir.

3.3. Dövlət damazlıq kitabında hüquqi və fiziki şəxslərə məxsus müəyyən cinsə aid yüksək məhsuldar və damazlıq pasportu (şəhadətnaməsi) olan hər bir damazlıq heyvan haqqında məcmu məlumatlar verilir.

3.4. Damazlıq heyvanların dövlət damazlıq kitabı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılır və hər bir heyvan növü və cinsi üzrə damazlıq heyvandarlıq subyektlərindən aldığı məlumatlar daxil edilir.                                                                                                                   

3.5. Dövlət damazlıq kitabına yazılan heyvan barədə məlumat aşağıdakı tələblərə uyğun olmalıdır:

3.5.1. dövlət nişanlanma sisteminə və damazlıq heyvanların identifikasiyasına uyğun nömrəsinin olması;

3.5.2. istifadəsinə icazə verilmiş, seleksiya nailiyyəti kimi dövlət reyestrinə daxil edilmiş, təmizcinsli olması və hansı cinsə aid olması;

3.5.3.  rəsmi  təsdiq edilmiş mənşəyə malik olması (anası, atası);

3.5.4.  yaxın qohumlarının (anasının, atasının)  identifikasiya nömrəsinin olması;

3.5.5 damazlıq və məhsuldarlıq keyfiyyətinə görə hesabatlarda göstəricilərin və eyni zamanda damazlıq ehtiyatının geniş təkrar istehsalının qiymətləndirilməsinin düzgün olması.

3.6. Xarici ölkələrdən gətirilərək, respublikamızda seleksiya proseslərində istifadə edilən heyvanlar (heyvan toxumu, rüşeym və s.)  dövlət damazlıq kitabına qeydiyyata alındıqda, ixrac edən ölkənin rəsmi damazlıq heyvandarlıq təşkilatı tərəfindən  damazlıq sertifikatı təqdim edilməlidir. Belə halda heyvanın yenidən identifikasiyalaşdırılmasına yol verilmir.

3.7. Damazlıq heyvanların dövlət reyestrinin aparılması üçün lazımi sənədlərin hazırlanması və dövlət damazlıq kitablarının çap edilməsi müəyyən olunmuş qaydada dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

3.8. Dövlət damazlıq kitabının nəşrindən sonra 5 il müddətindən gec olmayaraq, növbəti cildi hazırlanıb nəşr edilir. Ara müddətlərdə qeydiyyata götürülən damazlıq heyvanların kataloqu hazırlanır.

3.9. Damazlıq heyvandarlığın idarə edilməsi ilə məşğul olan yerli təşkilatlar tərəfindən dövlət damazlıq kitabına daxil edilmək üçün məlumatlar (1 yanvar vəziyyətinə) aprel ayının 1-dək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilməlidir.

3.10. Dövlət damazlıq kitabına yazmaq üçün verilən məlumatların  düzgünlüyünə və vaxtında təqdim  edilməsinə cavabdeh təşkilatlar məsuliyyət daşıyırlar.



Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2008-ci il  31 iyul tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmişdir


Cins heyvanlar üçün hazırlanan pasportun (şəhadətnamənin) forması, tərtib edilməsi Qaydası və ona daxil edilən məlumatlar


1. Ümumi müddəa



            Bu Qayda və ona daxil olan məlumatlar «Damazlıq heyvandarlıq haqqında» Azərbaycan Respublikasının 2007-ci il 18 dekabr tarixli 516-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 734 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və  Azərbaycan Respublikasında cins heyvanlara pasportların (şəhadətnamələrin) tərtib edilməsi qaydasını tənzimləyir,  onun formasını və ona daxil edilən məlumatları müəyyən edir.

     

2. Cins heyvanlar üçün hazırlanan pasportların (şəhadətnamələrin) forması

 

2.1. Cins heyvanların damazlıq pasportu (şəhadətnaməsi) heyvanların mənşəyini, məhsuldarlığını, təkrar istehsala yararlılığını və digər damazlıq keyfiyyətlərini təsdiq edən və identikləşdirmə zamanı istifadə olunan əsas sənəddir.

2.2. Cins heyvanlara verilən  pasportların  (şəhadətnamələrin) forması Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanaraq nəşr olunur (forma əlavə olunur).


               3.  Cins heyvanlar üçün pasportların  (şəhadətnamələrin) tərtib edilməsi və ona daxil olan məlumatlar


3.1. Damazlıq pasportu (şəhadətnaməsi) cins heyvanların məhsuldarlıq və damazlıq keyfiyyətlərinin kompleks əlamətlər üzrə qiymətləndirilməsi və dövlət qeydiyyatına alınması əsasında verilir.

3.2. Cins heyvana pasportun (şəhadətnamənin) tərtibi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir.

3.3. Cins heyvanın  pasportu (şəhadətnaməsi) Azərbaycan və ingilis dillərində beynəlxalq standartların tələblərinə uyğun tərtib edilir.

3.4. Cins heyvanın pasportunda (şəhadətnaməsində) aşağıdakı məlumatlar olmalıdır:

3.4.1.   rayonun, qəsəbə və kəndin, təsərrüfatın  adı (rəqəmli kodlarla);

3.4.2.   heyvanın ləqəbi;

3.4.3.   heyvanın cinsi;

3.4.4.   heyvanın cinsiyyəti;

3.4.5.   heyvanın növü;

3.4.6.   heyvanın doğum tarixi və yeri;

3.4.7.   heyvanın yaşı;

3.4.8.   heyvanın diri çəkisi;

3.4.9.   heyvan yetişdirən sahibkarın soyadı, adı, ünvanı və imzası;

3.4.10. heyvan satanın soyadı, adı, ünvanı və satılması tarixi;

3.4.11. heyvan alanın soyadı, adı, ünvanı və alınması tarixi;

3.4.12. heyvanın anasının və atasının fərdi nömrəsi;

3.4.13. heyvanın məhsuldarlıq istiqaməti;

3.4.14. heyvanın sinfi;

3.4.15. heyvanın şəcərə cədvəli;

3.4.16. heyvanın dövlət damazlıq kitabındakı qeydiyyat nömrəsi;

3.4.17. pasportu (şəhadətnaməni) hazırlayan səlahiyyətli təşkilatın adı,  

möhürü  və pasport  verən məsul şəxsin imzası;

3.4.18. pasportun (şəhadətnamənin) verildiyi tarix.

3.5. Hər  bir cins heyvana bir dəfə pasport (şəhadətnamə) tərtib olunur. Cins  heyvanın pasportu (şəhadətnaməsi) itmiş və ya korlanmışdırsa,  heyvan sahibi 15 gün müddətində  yazılı formada Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə  məlumat verməli və dublikat pasportun (şəhadətnamənin) alınması üçün müraciət etməlidir.

3.6. Cins heyvanın alınması və ya satılması nəticəsində təsərrüfat dəyişdirilərkən alıcı və satıcı şəxs cins heyvana aid pasportun (şəhadətnamənin) sahibkara aid olan müvafiq hissəsini kəsib özündə  saxlayaraq, bu barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə  məlumat verməlidir.

3.7. Cins  heyvan öldükdə, onun  pasportu  (şəhadətnaməsi) heyvanın sahibi tərəfindən 1 ay  müddətində  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə  qaytarılır və Dövlət Damazlıq Kitabında müvafiq qeyd aparılır.

3.8. Damazlıq ehtiyatlarının məhsuldarlıq və damazlıq keyfiyyətlərini təsdiq edən pasportun (şəhadətnamənin) hazırlanmasına, saxlanılmasına, uçotuna və verilməsinə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzarət edir.

3.9. Damazlıq heyvandarlıq təsərrüfatlarının istehsal etdikləri damazlıq ehtiyatları dövriyyəyə cəlb edildikdə, onların təkrar istehsala yararlılığını və digər damazlıq keyfiyyətlərini təsdiq edən pasport (şəhadətnamə) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə vaxtında təqdim  edilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il  31 iyul tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmişdir


Damazlıq ehtiyatlarının sertifikatlaşdırılması, sertifikatların  növləri və verilməsi

 

Q a y d a l a r ı


1. Ümumi müddəa

 

Bu Qaydalar «Damazlıq heyvandarlıq haqqında» Azərbaycan Respublikasının 2007-ci il 18 dekabr tarixli 516-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 734 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasında  damazlıq ehtiyatlarının sertifikatlaşdırılması, sertifikatların  növləri və verilməsi qaydalarını müəyyən edir.     

           

2. Damazlıq ehtiyatlarının sertifikatlaşdırılması


2.1. Damazlıq ehtiyatlarının sertifikatlaşdırılması damazlıq məhsulun, materialın müəyyən edilmiş normativlərə uyğun və genetik cəhətdən qüsursuz olmasının təsdiqi üçün həyata keçirilir. Sertifikatlaşmanın nəticələri əsasında verilən uyğunluq sertifikatı dövriyyəyə cəlb edilən cins heyvanın və digər damazlıq ehtiyatının damazlıq obyekti kimi tanınmasına, təkrar istehsala yararlılığına və ondan yaxşılaşdırıcı kimi istifadə edilməsinə təminat verir.

Damazlıq ehtiyatlarının sertifikatlaşdırılması aşağıdakı məqsədlərlə həyata keçirilir:

2.1.1. heyvandarlıq məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün  beynəlxalq iqtisadi, elmi-texniki  əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirak etmək imkanı yaratmaq;

2.1.2. istehsalçılara əldə etdikləri damazlıq ehtiyatlarının normativ sənədlərin tələblərinə uyğunluğuna dair zəmanət verilməsi.

2.2. Kənd təsərrüfatı heyvanlarının növ və cinslərindən alınmış dövlət reyestrinə seleksiya nailiyyəti kimi daxil edilmiş damazlıq heyvandarlıq subyektlərində istehsal olunmuş və xarici ölkələrdən idxal edilmiş damazlıq ehtiyatları (damazlıq heyvanlar, onların toxumları, yumurtaları, sürfələri, rüşeymləri) sertifikatlaşdırılmalıdır.

2.3. Azərbaycan Respublikasında damazlıq ehtiyatlarının sertifikatlaşdırılmasını Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi müvafiq qaydada  həyata keçirir.  


3. Damazlıq ehtiyatlarının sertifikatlaşdırılmasında iştirakçıların vəzifələri


3.1. Kənd təsərrüfatı heyvanlarının damazlıq ehtiyatlarının sertifikatlaşdırılması üzrə orqan aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. damazlıq ehtiyatlarının sertifikatlaşdırılmasında idarəetməni və prosedur qaydalarını təşkil etməklə koordinasiyasını təmin edir;

3.1.2. sertifikatlaşdırma  fəaliyyəti barədə şikayətlərə baxır,  sertifikatları ləğv edir və damazlıq ehtiyatlarının təkrar sınağını (ekspertizasını) təyin edir;

3.1.3. sertifikatlaşdırma işlərini təşkil edir, sertifikat verir və sertifikatlaşdırılmış damazlıq ehtiyatlarının reyestrini aparır;

3.1.4. sifarişçinin təşəbbüsü ilə Azərbaycan Respublikasında istehsal edilən damazlıq ehtiyatlar ölkə ərazisindən çıxarılarkən  sertifikat verir;

3.1.5. öz səlahiyyətləri daxilində müraciət edən şəxslərə lazımi məlumatlar verir və sertifikatlaşdırma üçün normativ sənədlərin bazasını yaradır.      

3.2. Sınaq laboratoriyaları damazlıq ehtiyatlarının sınağını keçirərək,   sınaq protokolunu sertifikatlaşdırma orqanına təqdim edir.

3.3. Sertifikatlaşdırmaya aid olan damazlıq ehtiyatlarının satıcıları aşağıdakı şərtlərə əməl etməlidirlər:

3.3.1.  damazlıq ehtiyatlarına sertifikat almaq üçün məhsulun (materialın) və sənədlərin vaxtında təqdim edilməsinə;

3.3.2. sertifikatlaşdırılmış damazlıq ehtiyatlarının istehsalının texnoloji prosesində və sertifikatlaşdırmadan sonra damazlıq sənədlərində edilmiş dəyişikliklər barədə sertifikatlaşdırma orqanına məlumatın verilməsinə.


4. Sertifikatların verilməsi və  tətbiq edilməsi


4.1. Sertifikatlaşdırma orqanlarına  müraciət edən şəxslərə uyğunluq sertifikatı  verilir.

4.2. Damazlıq ehtiyatları damazlıq zavodlarına, reproduktorlara, fermalara, sınaq müəssisələrinə, süni mayalandırma və  embrionların köçürülməsi mərkəzlərinə, genobanklara, immunogenetik ekspertiza və seleksiya məqsədi ilə heyvandarlıq məhsullarının ekspertizası laboratoriyalarına  satılarkən uyğunluq sertifikatı verilir.

4.3. Uyğunluq   sertifikatı hər heyvana 6 ay, heyvandan alınmış bir hissə  toxuma və yaxud embriona isə 12 ay müddətinə verilir. Sertifikatda növ, cins, damazlıq ehtiyatlarının dərəcəsi, heyvanın  nömrəsi, cinsiyyəti, doğulduğu tarix və yer, diri çəkisi, eksteryerinin qiyməti, nəsil  şəcərəsi, genetik nəzarətin göstəriciləri və  mənşəyi göstərilir.

4.4. Satıcı tərəfindən təqdim edilən sənədlər şübhə doğurarsa, göstəricilərin yoxlanması üçün sınaq laboratoriyasına göndərilir və sınaq laboratoriyasının tələbi əsasında satıcı əlavə sənədlər təqdim edir.

4.5. Uyğunluq sertifikatının qüvvədə olduğu müddətdə satışın maksimum həddi və hissəsinin ölçüsü göstərilir. Sertifikatın sertifikatlaşdırma  orqanı tərəfindən möhürlə təsdiq edilmiş surəti satılan damazlıq ehtiyatının hər bir hissəsinə  əlavə edilir.

4.6. Uyğunluq sertifikatı olan   toxum hissəsinin verilməsi zamanı sertifikatın surəti verilmir. Lakin toxumu müşayiət edən sənədlərdə sertifikatın  müddəti və nömrəsi göstərilir.

4.7. Azərbaycan Respublikasının seleksiya nailiyyətlərinin dövlət reyestrinə daxil edilmiş və istifadəsinə icazə verilmiş hər bir heyvan cinsinə (xətt, kross) sertifikat verilir.

4.8. Damazlıq heyvanın yaxşılaşdırıcı olmasını, toxumun və rüşeymin mənşəyini  və təkrar istehsala yararlılığını təsdiq edən müvafiq damazlıq pasportu (şəhadətnaməsi) və sertifikatı olduqda, reproduksiya məqsədi ilə istifadə edilir.

4.9. Damazlıq ehtiyatlarının uyğunluq sertifikatı Azərbaycan və ingilis dillərində beynəlxalq   standartların tələblərinə uyğun tərtib edilir.