Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxsin bəzi məsələləri haqqında

02.08.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 313

Bakı şəhəri, 2 avqust 2017-ci il

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxsin bəzi məsələləri haqqında

"Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxsin yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 fevral tarixli 1223 nömrəli Fərmanının 1.1-ci, 1.2-ci və 1.3-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxsin yaradılması ilə əlaqədar:

1.1. "Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxsin Nizamnaməsi" təsdiq edilsin (1 nömrəli əlavə);

1.2. "Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxsin Strukturu" təsdiq edilsin (2 nömrəli əlavə);

1.3. Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxsin işçilərinin say həddi 62 ştat vahidi müəyyən edilsin.

2. Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxsin nizamnamə fondu 1 000 000 (bir milyon) manat məbləğində müəyyən edilsin.

3. Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxsin ilkin dövrdə fəaliyyətini təmin etmək üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasına 1 000 000 (bir milyon) manat məbləğində vəsait ayrılsın və bu vəsait həmin publik hüquqi şəxsin nizamnamə fondunun formalaşdırılmasına yönəldilsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu qərarın 3-cü hissəsi ilə ayrılan vəsaitin maliyyələşdirilməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxsin fəaliyyəti üçün müvafiq xidməti yer ayrılmasını təmin etsin.

6. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası bu qərardan irəli gələn məsələləri həll etsin, habelə "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün bu qərarın qüvvəyə mindiyi tarixdən bir gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etməsini təmin etsin.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 avqust tarixli 313 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

1 nömrəli əlavə

 

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxsin

NİZAMNAMƏSİ

1. Ümumi müddəalar

1.1.     Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxs (bundan sonra - Müfəttişlik) "Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxsin yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 fevral tarixli 1223 nömrəli Fərmanına əsasən yaradılmışdır.

1.2. Müfəttişlik Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının (bundan sonra - Administrasiya) tabeliyində fəaliyyət göstərir.

1.3. Müfəttişlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin aktlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.

1.4. Müfəttişlik sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilər ki, həmin fəaliyyət bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin. Müfəttişliyin fəaliyyəti nəticəsində əldə olunan vəsaitlər (gəlirlər) onun fəaliyyətinin təmin edilməsinə yönəldilir.

1.5. Müfəttişliyin rəsmi adı aşağıdakı kimidir:

1.5.1. Azərbaycan dilində - Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxs;

1.5.2. ingilis dilində - Legal person of public law "State Inspectorate on Civil Aviation Flight Safety" under the State Civil Aviation Administration of the Republic of Azerbaijan.

1.6. Müfəttişlik Bakı şəhərində yerləşir.

2. Müfəttişliyin hüquqi statusu

2.1. Müfəttişlik publik hüquqi şəxsdir, müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, üzərində öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

2.2. Müfəttişliyin saxlanması və fəaliyyətinin təmin edilməsi xərcləri onun fəaliyyətindən əldə edilən gəlirlər (o cümlədən, aldığı kreditlər, qrantlar, habelə işlərin görülməsindən, xidmətlərin göstərilməsindən daxilolmalar və s.) hesabına maliyyələşdirilir. Uçuşların təhlükəsizliyini təmin etmək məqsədi ilə Müfəttişliyin göstərdiyi xidmətlərin və gördüyü işlərin qiymətlərini Administrasiya müəyyən edir.

2.3. Müfəttişliyin personalına əməkhaqqı ixtisas dərəcəsi, iş şəraiti nəzərə alınmaqla, mülki aviasiya sahəsində çalışan uçuş və mühəndis heyəti mütəxəssislərinin əməkhaqqından az olmamaq şərtilə müəyyən edilir.

2.4. Müfəttişliyin inspektorları xüsusi geyim forması ilə, fərqləndirici nişanlarla, əməyin təhlükəsizliyi ilə bağlı fərdi qoruyucu vasitələrlə və səlahiyyətlərini təsdiqləyən vəsiqələrlə təmin edilirlər.

2.5. Mülki aviasiya sahəsində tətbiq edilən xidmət şərtləri Müfəttişliyin personalına da şamil edilir.

2.6. Mülki aviasiya subyektlərinin cavabdeh personalı uçuşların təhlükəsizliyi barədə rüblük və illik hesabatları Müfəttişliyə təqdim edir və Müfəttişliyin inspektorlarının öz vəzifələrini operativ şəkildə yerinə yetirmələri üçün şərait yaradırlar.

 3. Müfəttişliyin fəaliyyətinin məqsədi və istiqamətləri

3.1. Müfəttişliyin fəaliyyətinin məqsədi aviasiya qəzaları və insidentləri baş vermədən, insanların həyatına, sağlamlığına və əmlakına zərər vurulmadan və bütövlükdə hər hansı narahatçılığa yol verilmədən uçuşların təhlükəsizliyinin daha səmərəli təşkilinin təmin edilməsindən ibarətdir.

3.2. Müfəttişlik bu Nizamnamənin 3.1-ci bəndində göstərilən məqsədə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

3.2.1. Azərbaycan Respublikasının hüdudlarında mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyinin təmin edilməsi;

3.2.2. aviasiya texnikasının səmərəli istifadəsi və istismarı;

3.2.3. aviasiya subyektləri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (bundan sonra ─ ICAO) tələblərinə uyğunluğunun təmin edilməsi.

4. Müfəttişliyin vəzifələri

4.1. Müfəttişlik bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

4.1.1. mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyi və uçuşa yararlılığı ilə bağlı məlumatları, arayışları və təhlilləri Administrasiyaya təqdim edir, habelə mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar mülki aviasiya sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslərin fəaliyyətinin monitorinqini keçirir;

4.1.2. aviasiya hadisələrinin (insidentlərinin) xidməti araşdırılmasının keçirilməsinə dair komissiya nümayəndələrinin məruzə və məlumatlarının obyektivliyi barədə rəylər verir;

4.1.3. Müfəttişliyin əmlakından səmərəli istifadə edir;

4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları"nın müddəalarına, habelə mülki aviasiya sahəsində beynəlxalq tələblərə uyğun olaraq təftiş və ekspertizalar keçirir, sertifikasiya, icazə və təsdiq prosedurlarının tətbiq olunduğu fəaliyyəti yoxlayır;

4.1.5. Azərbaycan Respublikasına uçuşlar yerinə yetirən xarici mülki hava gəmilərinin istismarçıları tərəfindən ICAO-nun standartlarına riayət edilməsinin monitorinqini keçirir;

4.1.6. hava limanlarının (aerodromların), yerüstü naviqasiya vasitələrinin texniki vəziyyəti və istismarı ilə bağlı məlumatları, arayış və təhlilləri Administrasiyaya təqdim edir;

4.1.7. uçuşların təhlükəsizlik səviyyəsinin artırılmasına və aviasiya hadisələrinin qarşısının alınmasına dair təklif və tövsiyələr hazırlayır;

4.1.8. mülki aviasiya sahəsində aviasiya personalının nəzəri və praktiki bilik səviyyəsi üzrə testlər keçirir, uçuş heyətinə mürəkkəb uçuş (hava) şəraitlərində uçuşlara icazələrin verilməsi üçün yoxlamalar yerinə yetirir, yekun rəyləri hazırlayır və Administrasiyaya müvafiq sənədləri təqdim edir;

4.1.9. hava nəqliyyatı istismarçılarının xüsusi şəraitlərdə uçuş əməliyyatlarının yerinə yetirilməsinə hazırlığını yoxlayır və icazələrin verilməsinə dair rəyləri Administrasiyaya təqdim edir;

4.1.10. aerodromların ərazisində hava gəmilərinə texniki və yerüstü xidmətləri göstərən xüsusi avtonəqliyyatın istismarı, uçuşların radio-işıq-texniki təminatı, aerodromların sertifikasiya tələblərinə uyğun istismarı ilə bağlı təftişlər aparır;

4.1.11. hava nəqliyyatı istismarçılarına və digər mülki aviasiya subyektlərinə sertifikatların verilməsi və ya bu sertifikatların müddətinin uzadılması üçün sertifikasiya tələblərinə uyğunluğun mütəmadi monitorinqini keçirir və nəticələri Administrasiyaya təqdim edir;

4.1.12. Azərbaycan Respublikasının hava məkanında aeronaviqasiya, meteoroloji təminat və telekommunikasiya xidmətinin və xidmət vasitələrinin keyfiyyəti ilə bağlı mütəmadi təftişlər keçirir və məlumatları Administrasiyaya təqdim edir;

4.1.13. Azərbaycan Respublikasının ərazisində (mülki hava limanlarında və onlardan kənarda) mülki hava gəmilərinə münasibətdə qəza-xilasetmə və yanğınsöndürmə işlərinin təşkilinin monitorinqini keçirir;

4.1.14. Azərbaycan Respublikasının mülki hava gəmiləri ilə baş vermiş aviasiya hadisələri və insidentlərinin uçotunu aparır, habelə aviasiya insidentlərinin, istehsalat hadisələrinin və digər pozuntuların mülki aviasiya subyektləri tərəfindən araşdırılmasında və araşdırma materiallarının tərtib edilməsində iştirak edir;

4.1.15. mülki aviasiyada uçuşların təhlükəsizlik vəziyyəti barədə təhlillər hazırlayır;

4.1.16. aviasiya hadisələrinin düzgün təsnifatı, aviasiya və fövqəladə hadisələrin, mülki aviasiya subyektləri tərəfindən insidentlərin xidməti araşdırılması ilə bağlı obyektivliyin və keyfiyyətin monitorinqini keçirir;

4.1.17. uçuş heyətinin, hava hərəkətinə xidmət dispetçerlərinin və digər aviasiya personalının sağlamlığına tibbi nəzarətin monitorinqini keçirir və müvafiq nəticələri Administrasiyaya təqdim edir;

4.1.18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 dekabr tarixli 220 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları"na əsasən hava nəqliyyatında təhlükəli yüklərin saxlanmasına, emalına və daşınmasına dair müəyyən edilmiş tələblərə mülki aviasiya subyektləri tərəfindən əməl olunmasının monitorinqini aparır;

4.1.19. Azərbaycan Respublikasının hava məkanında təhlükəli yüklərin daşınması üçün Administrasiya tərəfindən müvafiq icazələrin verilməsinə dair rəyləri təqdim edir;

4.1.20. Azərbaycan Respublikası Prezidentinin aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

5. Müfəttişliyin hüquqları

5.1. Müfəttişlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

5.1.1. mülkiyyət formasından asılı olmayaraq, mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar mülki aviasiya sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslərin fəaliyyətinin monitorinqi keçirilən zaman müvafiq mülki aviasiya subyektlərinin nümayəndələrini bu monitorinqlərə cəlb etmək;

5.1.2. Administrasiyanın razılığı ilə beynəlxalq və regional təşkilatlarda Administrasiyanı təmsil etmək;

5.1.3. Müfəttişliyin inspektorları öz səlahiyyətlərini yerinə yetirərkən, mülki aviasiya subyektinin fəaliyyətinə dair sənədlərlə tanış olmaq, hava gəmisinə və xidməti otaqlarına daxil olmaq;

5.1.4. ICAO-nun standartlarında edilən dəyişikliklərin tələbləri əsasında uçuşların təhlükəsizliyi üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair təklifləri Administrasiyaya təqdim etmək;

5.1.5. müvafiq aviaşirkət, müəssisə və təşkilatlardan uçuşların təhlükəsizliyinin təmin edilməsi və aviasiya hadisələrinin (insidentlərinin) araşdırılması məsələlərinə dair məlumatları sərbəst şəkildə əldə etmək;

5.1.6. uçuşların təhlükəsizliyinə birbaşa təhdid yaradan çatışmazlıqlar və pozuntular aşkar olunduqda, Administrasiyanın rəhbərliyinə sonradan məruzə edilməklə, həmin təhdidlər aradan qaldırılana kimi, mülki hava gəmilərinin və aerodromların, onların avadanlıqlarının istismarını dayandırmaq, mülki aviasiya mütəxəssislərini işdən kənarlaşdırmaq və yuxarıda göstərilən hallar üzrə təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək;

5.1.7. müstəqil ekspert, mütəxəssis və məsləhətçiləri öz fəaliyyətinə cəlb etmək;

5.1.8. Administrasiya tərəfindən buraxılan xüsusi bülletenlər üçün uçuşların təhlükəsizliyinə aid nəşrlərin layihələrini hazırlamaq;

5.1.9. müqavilə əsasında işlər görmək və xidmətlər göstərmək;

5.1.10. Azərbaycan Respublikası Prezidentinin aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

6. Müfəttişliyin idarə olunması

 6.1. Müfəttişliyin idarəetmə orqanı İdarə Heyətidir.

7. Müfəttişliyin İdarə Heyəti

 7.1. İdarə Heyəti sədrdən və onun iki müavinindən ibarətdir. İdarə Heyətinin sədrini və onun iki müavinini 5 (beş) il müddətinə Administrasiyanın direktoru vəzifəyə təyin və vəzifədən azad edir.

7.2. Müfəttişliyin İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:

7.2.1. Administrasiyaya hesabat verir və Administrasiyanın qərarlarını icra edir;

7.2.2. barəsində qərar verilməsi Administrasiyanın səlahiyyətlərinə aid olan məsələlərə dair məlumat hazırlayaraq, Administrasiyanın direktoruna təqdim edir;

7.2.3. müvafiq idarəetmə və nəzarət sistemlərini tətbiq edir və həmin sistemlərin səmərəliliyi barədə Administrasiyaya hesabat verir;

7.2.4. Müfəttişliyin icra strukturlarının və əməkdaşlarının fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini hazırlayır və təsdiq olunması üçün Administrasiyaya təqdim edir;

7.2.5. Müfəttişliyin fəaliyyətinə dair daxili qaydaları, idarəetmə prosedurlarını, habelə struktur bölmələrinin, strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların (hüquqi şəxslərin, təşkilatların və s.) əsasnamələrini və nizamnamələrini (törəmə publik hüquqi şəxslər istisna olmaqla) hazırlayır və təsdiq olunması üçün Administrasiyaya təqdim edir;

7.2.6. Administrasiyanın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələləri həll edir;

7.2.7. cari və operativ məsələlər barədə Administrasiyanı məlumatlandırır.

7.3. İdarə Heyətinin sədri aşağıdakı vəzifələri yerinə yetirir:

7.3.1. Müfəttişliyin işini təşkil edir və onun cari fəaliyyətinə rəhbərliyi həyata keçirir;

7.3.2. səlahiyyətlərinə aid olan məsələlər üzrə Müfəttişliyin fəaliyyəti ilə bağlı əmr və sərəncamlar verir, onların icrasına nəzarəti həyata keçirir, habelə qərarların qəbul olunmasında iştirak edir;

7.3.3. Müfəttişliyin fəaliyyət istiqamətləri üzrə məşvərətçi komitələr və işçi qrupları yaradır;

7.3.4. Administrasiyaya Müfəttişliyin fəaliyyətinə dair hesabatlar təqdim edir;

7.3.5. Müfəttişliyin departament, idarə, filial və nümayəndəliklərinin rəhbərlərini Administrasiyanın razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir, habelə digər Müfəttişlik işçilərinin işə qəbul edilməsi, onların digər vəzifələrə təyin və işdən azad olunması, habelə onlara qarşı həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsi barədə qərarlar qəbul edir;

7.3.6. Müfəttişliyin daxili qaydalarının icrasına nəzarət edir;

7.3.7. Müfəttişliyin iş planını və müvafiq hesabatlarını tərtib edir, iş planının vaxtında və keyfiyyətli icrasına nəzarət edir;

7.3.8. Müfəttişliyin fəaliyyətini Administrasiya və mülki aviasiya sahəsində fəaliyyət göstərən digər qurumlarla əlaqələndirir;

7.3.9. Müfəttişliyin fəaliyyəti ilə bağlı məsələlərin Administrasiyanın kollegiyasının müzakirəsinə çıxarılması üçün təşəbbüs göstərir və müvafiq təkliflər verir;

7.3.10. Müfəttişliyin iş planında, Administrasiyanın kollegiyasının qərarlarında, Administrasiya tərəfindən verilmiş əmr və sərəncamlarda nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;

7.3.11. Müfəttişliyin adından mülki-hüquqi əqdlər, habelə Administrasiyanın razılığı ilə xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdlər (xüsusi əhəmiyyətli əqd) və publik hüquqi şəxsə aidiyyəti olan şəxslərlə əqdlər (əqdin dəyəri aktivlərin 5 faizini və daha çox hissəsini təşkil etdikdə) bağlayır;

7.3.12. işçilərin sosial hüquqlarının həyata keçirilməsini təmin edir, işçilərin maddi təminatının və əmək şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görür;

7.3.13. Müfəttişlikdə mülki müdafiə və yanğın təhlükəsizliyi, nəqliyyat səfərbərliyi üzrə işlərin həyata keçirilməsinə nəzarət edir;

7.3.14. şəxsi heyətin hazırlığını təmin edir və beynəlxalq tələblərə uyğun ixtisaslarının artırılmasına nəzarət edir;

7.3.15. Müfəttişliyin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlər görür və bu barədə Administrasiyanın rəhbərliyinə təkliflər verir;

7.3.16. Müfəttişliyin səlahiyyətlərinə daxil olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;

7.3.17. Administrasiyanın tapşırığı ilə konfrans, iclas, seminar və digər tədbirlərin keçirilməsini təşkil edir;

7.3.18.           Müfəttişliyin fəaliyyəti ilə bağlı illik maliyyə hesabatlarını Administrasiyaya təqdim edir;

7.3.19. Müfəttişlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

7.3.20. xidməti fəaliyyəti ilə bağlı Administrasiyanın rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

8. Müfəttişliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

 8.1. Müfəttişliyin fəaliyyətinə nəzarət Administrasiya tərəfindən həyata keçirilir. Müfəttişliyin inkişaf istiqamətlərini Administrasiya müəyyən edir.

8.2. Müfəttişliyin fəaliyyətinə dair hesabat, habelə illik maliyyə hesabatı Müfəttişliyin İdarə Heyəti tərəfindən Administrasiyaya təqdim edilir.

8.3. Müfəttişlik Administrasiyanın razılığı əsasında idarə, filial və nümayəndəliklərini yarada bilər.

9. Müfəttişliyin nizamnamə fondu, əmlakı və maliyyə-təsərrüfat fəaliyyəti

 9.1.   Müfəttişliyin əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.

9.2. Müfəttişliyin əmlakı onun balansında göstərilir.

9.3. Müfəttişliyin nizamnamə fondu 1.000.000 (bir milyon) manatdır.

9.4. Müfəttişliyin nizamnamə fondunun artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

9.5.  Müfəttişliyin smetası və illik maliyyə hesabatları Administrasiya tərəfindən təsdiq edilir.

9.6. Müfəttişlik balansında və istifadəsində olan əmlakın saxlanılmasına, qorunmasına və ondan səmərəli istifadə edilməsinə görə məsuliyyət daşıyır.

9.7. Müfəttişlik daşınar və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri əldə edə bilər.

9.8. Müfəttişliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə bilməz.

9.9. Müfəttişlik bilavasitə mənfəət əldə etmək məqsədi güdmür. Müfəttişlik Administrasiyanın razılığı əsasında təsərrüfat cəmiyyətlərini yarada və ya onlarda iştirak edə bilər.

9.10. Müfəttişlik öz fəaliyyətinin nəticələrinin uçotunu aparır.

10. Müfəttişliyin yenidən təşkili və ləğv edilməsi

10.1. Müfəttişlik Azərbaycan Respublikasının Prezidenti tərəfindən yenidən təşkil olunur və ya ləğv edilir.

10.2. Müfəttişlik ləğv edildikdə, onun əmlakına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sərəncam verilir.

 

Qeyd. Bu Nizamnamədə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 avqust tarixli 313 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

2 nömrəli əlavə

 

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administra-siyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxsin

Strukturu

1.  Rəhbərlik - Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi"nin İdarə Heyəti.

2.  Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi"nin Aparatı (departamentlər, idarələr).

 

Qeyd. Bu Strukturda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.