Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

"Ayrı-ayrı su istifadəçiləri tərəfindən istismar olunan nasos stansiyalarının və subartezian quyularının Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansına götürülməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 15 mart tarixli 83 nömrəli qərarının ləğv edilməsi barədə

29.06.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 269

Bakı şəhəri, 29 iyun 2017-ci il

"Ayrı-ayrı su istifadəçiləri tərəfindən istismar olunan nasos stansiyalarının və subartezian quyularının Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansına götürülməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 15 mart tarixli 83 nömrəli qərarının ləğv edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Ayrı-ayrı su istifadəçiləri tərəfindən istismar olunan nasos stansiyalarının və subartezian quyularının Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansına götürülməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 15 mart tarixli 83 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, №3, maddə 304) ləğv edilsin.

2. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tapşırılsın ki, balansına götürülmüş nasos stansiyalarının, subartezian quyularının və digər avadanlıqların mövcud təlimatlara uyğun istismarını, texniki cəhətdən saz və işlək vəziyyətdə saxlanmasını və məqsədyönlü istifadəsini təmin etsin.

3. Müəyyən edilsin ki, gələcəkdə su istifadəçilərinin müraciətləri olduğu təqdirdə, əkin sahələrinin su təminatına xidmət edən müvafiq layihə-smeta sənədlərinə uyğun normativlərə və təhlükəsizlik qaydalarına riayət etməklə tikilmiş, saz texniki vəziyyətdə olan nasos stansiyaları və subartezian quyuları dövlət büdcəsindən onların istismarı və saxlanmasına tələb olunan vəsaitin ayrılması şərtilə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin təklifi əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə balansa götürülə bilər.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə