Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləğinin müəyyən edilməsi haqqında

14.06.2017

AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 259

Bakı şəhəri, 14 iyun 2017-ci il

Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləğinin müəyyən edilməsi haqqında

"Elm haqqında" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikasi Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə görə ödənilən əlavələrin məbləği  aşağıdakı kimi müəyyən  edilsin:

1.1. Azərbaycan Milli Elmlər Akademiyasında, habelə digər dövlət orqanlarının elmi, elmi-tədqiqat müəssisə və təşkilatlarında çalışan elmlər doktoru elmi dərəcəsi olan şəxslərə 50 manat (bilavasitə ixtisası üzrə çalışanlara 100 manat), fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan şəxslərə 30 manat (bilavasitə ixtisası üzrə çalışanlara 60 manat);

1.2. dövlət büdcəsindən maliyyələşdirilən digər müəssisə və təşkilatlarda (icra hakimiyyəti orqanlarından başqa) bilavasitə ixtisası üzrə çalışan şəxslərə:

1.2.1. elmlər doktoru elmi dərəcəsinə görə - 80 manat;

1.2.2. fəlsəfə doktoru elmi dərəcəsinə görə - 40 manat.

2. Elm və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi adı (dosent və professor) olan şəxslərin vəzifə maaşlarına elmi adlara görə ödənilən əlavələrin məbləği "Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına  elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli  qərarında nəzərdə tutulmuş həcmdə müəyyənləşdirilsin.

3. Müəyyən edilsin ki:

3.1. bu qərarın 1-ci və 2-ci hissələrində göstərilən əlavələr vəzifə maaşını təşkil etmir, lakin qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda ortaaylıq əməkhaqqının hesablanmasında nəzərə alınır;

3.2. dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda çalışan işçilərə elmi dərəcəyə və elmi ada görə aylıq vəzifə maaşlarına müəyyən edilən əlavələr dövlət büdcəsinin xərclərində həmin müəssisə və təşkilatlar üçün nəzərdə tutulan müvafiq vəsaitlər hesabına ödənilir.

4. Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz, yarımştat üzrə işlədikdə isə nəzərdə tutulan məbləğin 50 faizi həcmində ödənilir.

5. Özünümaliyyələşdirmə formasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda bu əlavələrin həcmi və ödənilmə qaydası kollektiv müqavilələrin şərtləri ilə müəyyən olunur.

6. "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1138; 2014, № 7, maddə 916, № 8, maddə 1016, № 10, maddə 1325; 2015, № 3, maddə 335, № 6, maddə 775; 2016, № 2 (II kitab), maddə 393, № 3, maddə 626, № 11, maddə 1976; 2017, №4, maddə 645) 2-ci hissəsində "76" və "36" rəqəmləri müvafiq olaraq "80" və "40" rəqəmləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Büdcədən maliyyələşdirilən bir sıra idarə və təşkilatlarda çalışan işçilərin vəzifə maaşları və tarif dərəcələri haqqında" 1992-ci il 31 dekabr tarixli 718 nömrəli qərarının 9-cu hissəsi və "Vəzifə maaşlarına elmi dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında" 1994-cü il 19 aprel tarixli 155 nömrəli qərarı (3-cü hissə istisna olmaqla) ləğv edilsin.

8. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə