Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

03.10.2017

M Ə L U M A T

 Oktyabrın 3-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Ukraynanın Xarici İşlər naziri Pavlo Klimkinin rəhbərliyi ilə nümayəndə heyətini  qəbul etmişdir.

 Səmimilik şəraitində keçən görüş zamanı Azərbaycanla Ukrayna arasında tarixən  dostluq münasibətlərinin mövcudluğunu xatırladan Baş nazir Artur Rasi-zadə, müasir dövrdə bu münasibətlərin daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsində davam etdiyini bildirdi. Ötən dövr ərzində əldə edilən müsbət nəticələrin gələcək inkişafımız üçün möhkəm əsaslar yaratdığını deyən Baş nazir iqtisadiyyatın bir çox sahələri üzrə, xüsusən, sənaye, energetika, nəqliyyat, loqistika, kənd təsərrüfatı, investisiya, turizm, infrastruktur və digər istiqamətlərdə iş adamlarının qarşılıqlı faydalı əməkdaşlığına geniş imkanlar açıldığını nəzərə çatdırdı.

 Daha sonra beynəlxalq tədbirlərdə ölkələrimizin eyni mövqedən çıxış edərək bir-birinin haqq işini daim dəstəklədiyini məmnunluqla xatırladan Artur Rasi-zadə qonaqların diqqətini respublikamızın qarşısında duran ən ağır problem kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltdi və təcavüzkar Ermənistan rəhbərliyinin separatizmi dəstəkləyən işğalçılıq siyasətinin ümumən region üçün ağır nəticələr verdiyini vurğuladı.

 Səmimi qəbula görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirən Ukraynanın Xarici İşlər naziri Pavlo Klimkin ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət  verdiyini, bundan sonra da əməkdaşlığımızın daha möhkəmləndirilməsinin zəruriliyini qeyd etdi. Regional müstəvidə mövcud problemlər barədə danışarkən Pavlo Klimkin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə tərəfdar olduqlarını bir daha bəyan etdi.

 Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

Nazirlər Kabinetinin

Mətbuat Xidməti