Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

21.09.2017

M Ə L U M A T

Sentyabrın 21-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinə, sonrakı üç il üçün icmal büdcənin göstəricilərinə, həmçinin Azərbaycan Respublikasının 2018-ci il  və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə, habelə büdcə zərfinə daxil olan bir sıra normativ-hüquqi sənədlərin lahiyələrinə baxılmışdır.

İclasda maliyyə naziri Samir Şərifov və iqtisadiyyat naziri Şahin Mustafayev gündəlikdə duran məsələlərə dair məruzə ilə çıxış etmişlər.

Çıxışlarda qeyd edilmişdir ki, gələn ilin dövlət büdcəsi layihəsi son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslər nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində əldə olunan nailiyyətlər zəminində tərtib edilmişdir. Layihənin hazırlanmasında dövlət büdcəsinin sosial yönümlüyü əsas götürülmüş, əhalinin maddi rifahının daim  yaxşılaşdırılması, dövlətin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusən qeyri-neft sektorunun inkişafına dəstək verilməsi kimi mühüm amillərə diqqət yetirilmişdir.

 Büdcə layihəsi ətrafında aparılan geniş müzakirələrin yekununda  əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə müvafiq dövlət proqramları əsasında hazırlanan "Azərbaycan Respublikasının 2018-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2018-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nin bəyənilərək, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması qərara alınmışdır.

Nazirlər Kabinetinin

Mətbuat Xidməti