Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

18.07.2017

M Ə L U M A T

          İyulun 18-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Avstriya Respublikasının Federal Ailə və Gənclər naziri xanım  Sofi Karmasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

           Yüksək səviyyəli dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin ölkələrarası münasibətlərə müsbət  təsir göstərdiyini vurğulayan Baş nazir Artur Rasi-zadə, Azərbaycanla Avstriya arasında mövcud əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini önə çəkdi. Baş nazir  iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə, xüsusən qeyri-neft sektorunda, turizm və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün zəruri hüquqi bazanın və hər cür şəraitin olduğunu nəzərə çatdırdı.    

          Daha sonra Azərbaycanda ailə institutunun qədim ənənələri olduğunu, müasir dövrdə də qadınların cəmiyyətdə statusunun yüksəldilməsi istiqamətində bir çox nailiyyətlərin əldə edildiyini deyən Baş nazir bildirdi ki, Azərbaycan hökuməti gender  bərabərsizliyinin aradan qaldırılması üçün bütün vacib amilləri həyata keçirir.

          Baş nazir Artur Rasi-zadə söhbət əsnasında qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verərək xatırlatdı ki, işğal nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün olması, Xocalı soyqırımının törədilməsi, bu yaxınlarda təxribat nəticəsində iki yaşlı balaca Zəhranın və onun nənəsinin həlak edilməsi və digər bu kimi vandalizm aktları Ermənistan hakimiyyətinin əsil təcavüzkar simasının göstəricisidir. Lakin bütün bu aşkar faktlara baxmayaraq, o hələ də bəzi dövlətlərin və beynəlxalq  qurumların məsələyə ikili standartlarla yanaşması ucbatından münaqişənin həllinin uzandığını təəssüflə vurğuladı. 

           Qəbula görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirən xanım Sofi Karmas öz ölkəsinin Azərbaycanla  əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, Bakıya səfəri müddətində Azərbaycanlı həmkarları ilə geniş fikir mübadiləsi apardığını, ailə, qadın, uşaq problemlərinə dair birgə layihələr üzərində işləmək və qarşılıqlı təcrübə mübadiləsini mütəmadi davam etdirmək niyyətində olduqlarını söylədi. Qonaq eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair Avstriya hökumətinin mövqeyini bir daha bəyan etdi.   

           Görüşdə əməkdaşlığın möhkəmləndirilməsinə dair bir sıra məsələlər ətrafında da fikir mübadiləsi oldu.

           

Nazirlər Kabinetinin
Mətbuat Xidməti