Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

01.11.2016

M Ə L U M A T

   Noyabrın 1-də  Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə  səfərdə olan Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərliyi ilə nümayəndə heyətini qəbul etmişdir. 

  Azərbaycanla Braziliya arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunması münasibətilə Rodriqo Mayanı təbrik edən Baş nazir Artur Rasi-zadə, Latın Amerikası regionunda böyük sənaye potensialına malik Braziliya ilə Azərbaycan arasında əməkdaşlığın bir çox istiqamətlər üzrə davam etdiyini məmnunluqla xatırlatdı. İki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün imkanların mövcudluğunu nəzərə çatdıran Baş nazir bu səfərin əlaqələrimizin inkişafına təkan verəcəyinə əminliyini vurğuladı. Sonra o, ölkəmizin ədalətli mövqeyini daim dəstəklədiyinə və bu yaxınlarda Deputatlar Palatasında Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanat qəbul etdiyinə görə Braziliya Federativ Respublikası rəhbərliyinə təşəkkürünü bildirdi.  

  Regionun ən çox inkişaf etmiş ölkələrindən biri kimi Azərbaycanla iqtisadi-mədəni sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsinə maraq göstərdiklərini önə çəkən Rodriqo Maya, səfərin əsas məqsədinin bu istiqamətdə müzakirələr aparmaqdan ibarət olduğunu söylədi. Davamlı iqtisadi inkişaf  naminə regionda sülhün və əmin-amanlığın qorunub saxlanmasının zəruriliyinə toxunan braziliyalı qonaq, bu baxımdan təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlardan dərhal çəkilməsinin və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini bir daha vurğuladı.

  Səmimilik şəraitində keçən görüş zamanı tərəfləri maraqlandıran bir  sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

 Nazirlər Kabinetinin

 Mətbuat Xidməti