Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

19.08.2016

M Ə L U M A T

          Avqustun 19-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Çin Xalq Respublikası Kommersiya nazirinin müavini Çyan Kemini qəbul etmişdir.

           Qəbul zamanı Azərbaycanla Çinin ənənəvi tarixi dostluq münasibətlərinin mövcudluğu qeyd edilərək, vaxtilə qədim "Böyük İpək yolu" vasitəsilə əlaqələrin olduğu xatırlandı.  Müasir dövrdə də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyədə davam etdiyi məmnunluqla vurğulanaraq, son illər iqtisadi-ticarət sahələrində münasibətlərin daha da genişləndiyi bildirildi.  

          Daha sonra Bakıda keçirilən Azərbaycan-Çin Ticarət İqtisadi Əməkdaşlıq Komissiyasının 6-cı iclasında müzakirə olunan məsələlərə toxunan tərəflər qeyd etdilər ki, iclasın yekun protokolunda nəzərdə tutulmuş məsələlərin həlli ölkələrimiz arasında əməkdaşlığın intensiv inkişafı üçün münbit əsaslar yaradır. Enerji, nəqliyyat, tikinti, sənaye, maşınqayırma, ticarət, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət sahələrində qarşılıqlı faydalı işbirliyinin, ümumən iqtisadiyyatın qeyri-neft sektoruna sərmayə qoyuluşunun böyük səmərə verəcəyi vurğulandı.

          Görüşdə ölkələrin inkişafı üçün zəruri olan sülhün və sabitliyin qorunması məsələsindən söhbət gedərkən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də beynəlxalq hüquq normaları çərçivəsində, ölkəmizin ərazi bütövlüyü və  sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulandı.

          Səmimi keçən qəbulda Azərbaycanla Çin arasında iqtisadi-ticarət əməkdaşlığının perspektivinə dair qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

Nazirlər Kabinetinin

Mətbuat Xidməti