Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

18.08.2016

M Ə L U M A T

 Avqustun 18-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə dövlət idarəçiliyi üzrə Azərbaycan-Koreya əməkdaşlığına dair Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Koreya Respublikasının Daxili İşlər naziri Honq Yun-Sıkı qəbul etmişdir.

 Azərbaycanla Koreya arasında qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayan Baş nazir Artur Rasi-zadə son vaxtlar iqtisadiyyatın bir çox sahələrində əməkdaşlığımızın genişləndiyini xatırlatdı. Baş nazir bildirdi ki, nüfuzlu dövlət rəsmilərinin bu cür qarşılıqlı səfərləri əlaqələrimizin daha intensiv inkişafı üçün yaxşı zəmin  yaradır. Sonra Azərbaycanda iqtisadi-sosial durum barədə ətraflı məlumat verən Baş nazir Koreya Respublikası ilə də səmərəli əməkdaşlığın dərinləşməsi üçün müvafiq layihələrin icrasına lazımi şərait yaradılacağını nəzərə çatdırdı.

 Səmimi qəbula görə minnətdarlığını bildirən Koreya Respublikasının Daxili İşlər naziri Honq Yun-Sık dövlət idarəçiliyi üzrə Azərbaycan-Koreya əməkdaşlığına dair Bakı Forumunun mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Koreyanın Daxili İşlər Nazirliyi arasında imzalanacaq Memorandumun dövlətlərarası  əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edən qonaq dedi ki, dövlət idarəçiliyində şəffaflığın artırılması, "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilən "e-hökumət" layihəsi, o cümlədən müasir innovasiyaların tətbiqi baxımından milyonlarla vətəndaşa xidmət edən "ASAN xidmət"in yaradılması Azərbaycanın uğurlarındandır və bu  təcrübədən bəhrələnmək faydalı olardı.  

 Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun da iştirak etdiyi qəbulda Azərbaycan-Koreya əməkdaşlığına dair qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi oldu.

 

Nazirlər Kabinetinin

Mətbuat xidməti