Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

17.05.2016

Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır

Bu fikir Azərbaycanın Baş nazirinin Gürcüstan Prezidenti ilə görüşündə vurğulanıb

Gürcüstanda səfərdə olan Azərbaycanın Baş naziri Artur Rasi-zadə mayın 16-da Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.

Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf perspektivləri, Şərq-Qərb enerji dəhlizinin fəaliyyəti, eləcə də regionda həyata keçirilən digər enerji layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Prezident Giorgi Marqvelaşvili deyib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Gürcüstan bu əlaqələrin inkişafında və möhkəmlənməsində maraqlıdır.

Baş nazir Artur Rasizadə Azərbaycanın Gürcüstan ilə əlaqələrinin daim yüksək səviyyədə olduğunu, dostluq münasibətlərinin inkişaf etdiyini, enerji layihələrinin hər iki dövlətin mənafeyinə xidmət etdiyini vurğulayıb.

***

Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunub 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə mayın 16-da Gürcüstana səfəri çərçivəsində bu ölkənin Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

Görüşdə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Şərq-Qərb enerji dəhlizi, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin inkişaf perspektivləri, investisiya qoyuluşu, ticarət dövriyyəsinin artırılması, energetika, nəqliyyat və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baş nazir Artur Rasi-zadə bildirib ki, ölkələrimiz arasında qədim tarixi dostluq əlaqələri var, Azərbaycan bu əlaqələrin inkişafına daim maraq göstərir. Eyni zamanda, biz Gürcüstan ilə həyata keçirdiyimiz layihələrin əhəmiyyətini yüksək qiymətləndiririk. Bu layihələr həm dövlət müstəqilliyimizin möhkəmlənməsində, həm də iqtisadi əlaqələrimizin güclənməsində, eləcə də beynəlxalq nüfuzumuzun artmasında mühüm rol oynayır.

Baş nazir Giorgi Kvirikaşvili ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafına mühüm töhfələr verən "Bakı-Supsa" enerji dəhlizinin fəaliyyətə başlamasının 20 illiyi münasibətilə təbriklərini çatdırıb, Gürcüstanın enerji layihələrinə cəlb olunması, eləcə də qaz və digər problemlərin həllində göstərdiyi diqqət və qayğıya görə Azərbaycana minnətdarlığını bildirib, əlaqələrimizin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

***

Şərq-Qərb enerji dəhlizinin 20 illiyi Tbilisidə qeyd olunub

Mayın 16-da Gürcüstanın paytaxtı Tbilisidə Şərq-Qərb enerji dəhlizinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Gürcüstanın Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze yubiley tədbirini açaraq regionda həyata keçirilən irimiqyaslı enerji layihələrinin, xüsusən də Şərq-Qərb enerji dəhlizinin əhəmiyyəti barədə ətraflı məlumat verdi.

Sonra Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili çıxış etdi.

Baş nazir bildirdi ki, Bakı-Supsa kəmərinin təməlinin qoyulması ilə regionda yeni era başladı və Cənubi Qafqazda sabitlik üçün mühüm əsas yarandı. İyirmi ildir ki, biz Bakı-Supsa kəmərinin bəhrəsini görürük. Bu layihənin reallaşması sayəsində Gürcüstan dünya xəritəsindəki yerini və tranzit ölkə funksiyasını yenidən bərpa etdi.

Gürcüstanın Baş naziri dedi: "İyirmi il əvvəl Prezident Heydər Əliyev və Prezident Eduard Şeverdnadze tərəfindən strateji bir qərar qəbul olundu. Bakı-Supsa layihəsinin təməli qoyuldu və bununla da regionumuzda yeni era başlandı. Bu layihə həm də Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qarantı oldu. Bu layihə, həmçinin Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın, enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına imkan yaratdı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz və Bakı-Tbilisi-Qars dəmiryolu kimi irimiqyaslı layihələrin əsası qoyuldu.

Tədbirdə Azərbaycanın Baş naziri Artur Rasi-zadə çıxış etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklərini, xoş arzularını və salamlarını tədbirin iştirakçılarına çatdıran Baş nazir A.Rasi-zadə dedi: "Bu gün qeyd etdiyimiz əlamətdar tarix - Azərbaycan neftinin Bakı-Supsa xətti ilə nəqlinə dair görkəmli dövlət xadimləri Heydər Əliyev və Eduard Şevardnadzenin imzaladıqları Sazişin 20-ci ildönümü münasibətilə hamınızı təbrik edirəm. Azərbaycan ilə Gürcüstanı qırılmaz tellərlə bağlayan tarixi dostluq, qardaşlıq, xeyirxah qonşuluq münasibətlərinin dərin kökləri vardır. Müstəqillik bərpa edildikdən sonra Azərbaycan ilə Gürcüstanın münasibətləri daha da yüksələrək strateji əməkdaşlıq səviyyəsinə qalxıb. Biz indi birlikdə beynəlxalq əhəmiyyətli böyük iqtisadi layihələr həyata keçiririk. Onlardan biri ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasının əsasını təşkil edən məşhur "Əsrin kontraktı" çərçivəsində reallaşdırılan Bakı-Tbilisi-Ceyhan layihəsidir. Yubileyini qeyd etdiyimiz Bakı-Supsa kəməri də həmin strategiyadan irəli gələn alternativ marşrutlardan biridir".

Azərbaycanın və Gürcüstanın iqtisadi-siyasi inkişafında mühüm rol oynayan enerji konsepsiyasının real nəticələrinin həyatımızın bütün sahələrində aşkar göründüyünü vurğulayan Baş nazir bildirdi: "Regionda investisiya qoyuluşu xeyli artıb, insanların rifah halı yüksəlib, şəhərlərin və kəndlərin siması yaxşılığa doğru dəyişib. Ancaq bu layihələrin həyata keçirilməsi heç də asan başa gəlməyib. Azərbaycan Respublikası 25 ildir müharibə şəraitində yaşayır. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib. Buna baxmayaraq, Azərbaycan inkişafdan qalmadı. Dahi Heydər Əliyevin müdrik siyasəti sayəsində xalqımız və ölkəmiz bütün sınaqlardan uğurla çıxdı".

Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu sürətli inkişaf yolunu Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdıran Baş nazir Artur Rasi-zadə dedi: "Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası, "Şahdəniz-2" yatağında aşkar olunan zəngin qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması, Avropanın enerji təhlükəsizliyini təmin edəcək TANAP və TAP layihələrinin həyata keçirilməsi Azərbaycanın neft-qaz strategiyasının tərkib hissələridir. Tarixi İpək Yolunun bərpası məqsədilə Uzaq Şərq ilə Avropanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi də qarşımızda yeni inkişaf perspektivləri açır. Əminəm ki, həmin layihələr ölkələrimizin və bölgənin iqtisadi, siyasi, mədəni inkişafına, regionda sülhün bərqərar olmasına töhfə verəcəkdir. Bütün bu tarixi işlərin dostlarımızla birgə görülməsi ölkələrimiz arasında əməkdaşlığı daha da möhkəmləndirir".

Sonra Azərbaycanın energetika naziri Natiq Əliyev, BP-nin regional vitse-prezidenti Peter Mather çıxış edərək Bakı-Supsa kəmərinin, eləcə də digər enerji layihələrinin əhəmiyyətindən danışdılar.

Sonda Şərq-Qərb enerji dəhlizinin təməlinin qoyulmasının 20 illiyi münasibətilə tort kəsildi.

Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, Azərbaycan Xarici İşlər Nazirliyi dövlət protokolu idarəsinin rəisi Pərvin Mirzəzadə, ölkəmizin Gürcüstandakı səfiri Azər Hüseyn, Tbilisidəki və Batumidəki diplomatik korpusun nümayəndələri, beynəlxalq şirkətlərin təmsilçiləri iştirak ediblər.

Mərasim iştirakçıları xatirə şəkili çəkdirdilər.

***

Baş nazir Artur Rasi-zadə: "Azərbaycan və Gürcüstan beynəlxalq əhəmiyyətli layihələr həyata keçirir"

"Azərbaycan və Gürcüstan beynəlxalq əhəmiyyətli layihələr həyata keçirir. Bu layihələr hələ uzun illər bundan sonra xalqlarımızın rifah halının yüksəlməsinə xidmət edəcək".

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə bu sözləri mayın 16-da Tbilisidə jurnalistlərə müsahibəsində söyləyib.

Baş nazir bildirib ki, 1996-cı ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şeverdnadze tərəfindən Şərq-Qərb enerji dəhlizinin təməli qoyulub. Bu layihə əslində digər enerji layihələri üçün əsas olub. Biz əminliklə deyə bilərik ki, Bakı-Supsa təkcə enerji deyil, digər mühüm əhəmiyyətli layihələrin də başlanğıcı oldu.

Artur Rasi-zadə deyib: "Bakı-Supsa birinci uğurlu layihəmiz idi. Ondan sonra Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də bu il istifadəyə verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin əsası qoyuldu. Bu mühüm, strateji xarakterli layihələr Azərbaycan və gürcü xalqlarının rifahının yaxşılaşdırılmasına xidmət edir. Ona görə də deməliyəm ki, Bakı-Supsa layihəsi bizim xoşbəxt gələcəyimiz üçün çox gözəl başlanğıc oldu".

 

AZƏRTAC