Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

29.04.2016

Aprelin 29-da  Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizə rəsmi səfərə gəlmiş Malta Respublikasının Xarici işlər naziri George Vellanı qəbul etmişdir.

 Malta ilə Azərbaycan arasında mövcud xoş münasibətlər fonunda səmərəli  əməkdaşlığın dinamik şəkildə davam etdirilməsi üçün böyük imkanlar açıldığını qeyd edən tərəflər siyasi, iqtisadi, mədəni əməkdaşlığın perspektivi baxımından geniş müzakirələrin aparılmasının əhəmiyyətini vurğuladılar. Qeyd olundu ki, iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə, xüsusən enerji, sərmayə qoyuluşu, ticarət, turizm, mədəniyyət, infrastruktur və digər qeyri-neft sektorunda birgə əməkdaşlıq faydalı nəticələr verə bilər.   

 Səmimi qəbula görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirən Maltanın Xarici işlər naziri respublikamızın son illərdə artan beynəlxalq nüfuzundan məmnunluqla söz açdı. Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Prekanın da qatıldığı BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun əhəmiyyətini və onun yüksək səviyyədə təşkil olunduğunu nəzərə çatdıran qonaq Malta dövlətinin beynəlxalq tədbirlərdə, o cümlədən Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq prosesinin inkişafında hər zaman Azərbaycanın yanında olduğunu, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərini birmənalı şəkildə dəstəklədiyini bir daha bəyan etdi.

Qəbulda qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi oldu.

Nazirlər Kabinetinin

Mətbuat Xidməti