Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

25.01.2016

MƏLUMAT

           Yanvarın 25-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ATƏT Parlament Assambleyası sədrinin müavini Georgi Seretelinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

           Son illər xeyli inkişaf etmiş Azərbaycan iqtisadiyyatının ölkə əhalisinin sosial problemlərinin həllində, habelə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində  oynadığı mühüm rola diqqəti çəkən Baş nazir Artur Rasi-zadə ölkəmizin bütün beynəlxalq qurumlarla, o cümlədən ATƏT-lə də əməkdaşlığa açıq olduğunu xatırlatdı.  Xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişə nail olmaq üçün səylərin daha da artırılmasının və real addımlar atılmasının  vacibliyini nəzərə çatdıran Baş nazir, bütün regionun inkişafına mənfi təsir göstərən bu münaqişənin həllinin uzanmasında Ermənistanın tutduğu qeyri-səmimi və qeyri-konstruktiv mövqeyin ATƏT rəhbərliyi tərəfindən nəzərə alınmasının zəruriliyini qeyd etdi. O, Dağlıq Qarabağ probleminin həllində beynəlxalq təşkilatlar tərəfindən ikili yanaşmanın olduğunu da təəssüflə bildirdi.  

           Ölkəmizə səfərin məqsədi barədə Baş nazirə ətraflı məlumat verən ATƏT Parlament Assambleyasının sədr müavini Georgi Sereteli Azərbaycanın Avropa üçün çox mühüm ölkələrdən biri olduğunu vurğuladı. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin uzanmasından, xüsusən son dövrlər cəbhə xəttində gərginliyin artmasından narahatlığını ifadə edən qonaq ATƏT-in Azərbaycanla əlaqələrində münasibətlərin daha da  təkmilləşdiriləcəyinə və qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdiriləcəyinə ümid bəslədiyini vurğuladı. 
           Qəbulda Avropa dəyərləri kontekstində mövcud problemlərə yeni  yanaşmanın zəruriliyi və digər aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 Nazirlər Kabinetinin

Mətbuat Xidməti