Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

06.10.2015

Oktyabrın 6-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələr üzrə yüksək səviyyədə davam etdiyini önə çəkən Baş nazir Artur Rasi-zadə siyasi, iqtisadi, mədəni, həmçinin hərbi əməkdaşlıq istiqamətində sıx əlaqələrimizin mövcudluğunu xüsusi vurğuladı. Qardaş ölkənin hərbçilərindən ibarət nümayəndə heyətinin bu səfərinin də əməkdaşlığımızın dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu deyən Baş nazir qeyd etdi ki, müstəqillik qazandıqdan sonra Türkiyəli mütəxəssislərin də yaxından köməyi ilə bu gün artıq respublikamızda güclü maddi-texniki bazaya və yüksək ixtisaslı zabit korpusuna malik nizami ordu yaranmışdır.  

Söhbət əsnasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan tərəflər bu   münaqişənin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin mümkünlüyünü bir daha vurğuladılar.

Səmimi qəbula görə təşəkkürünü bildirən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar Türkiyə ilə Azərbaycanın hər zaman beynəlxalq  aləmdə bir-birinə dəstək verdiyini məmnunluqla xatırlatdı. Son illər qardaş Azərbaycana hərbi-texniki və kadr hazırlığı sahəsində göstərilən yardımlarla yanaşı, keçirilən birgə hərbi təlimlərin də böyük əhəmiyyət daşıdığını qeyd edən Türkiyəli qonaq orduda peşəkarlığın artırılmasına xidmət edən belə təlimlərdə çox səmərəli nəticələr əldə olunduğunu bildirdi.   

 Qəbulda regional və beynəlxalq təhlükəsizlik, bölgədə sabitliyin qorunub saxlanması və bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

 

Nazirlər Kabinetinin

Mətbuat Xidməti